cümə 17 aprel 2026 - 18:11
Məhdəviyyət mövzuları (41) | İmam Zamanın (ə.f) mərhəmətinin təzahürləri

Hövzə / İmam Zaman (ə.f) öz ardıcıllarına qarşı olan dərin rəhmət və məhəbbətinə görə onlarla ən güclü bağlılıq və əlaqəyə malikdir. Məhz bu sevgi və dostluq səbəbilə o, onların kədər və çətinliklərində şərik olur. Bu hal, eyniylə bir ananın övladına olan güclü sevgi və bağlılığı səbəbindən onun xəstəliyi zamanı özü də narahat olan hal kimidir. Necə ki, övladının sağalması və sevinci ilə o da sevinir və şad olur, çünki övlad onun üçün canı qədər əziz və sevimlidir.

Hövzə Xəbər Agentliyinin verdiyi məlumata əsasən, “İdeal cəmiyyətə doğru” adlı məhdəviyyət mövzuları silsiləsi, İmam Zaman (ə.f) ilə bağlı təlim və maarifin yayılması məqsədilə dəyərli oxuculara təqdim olunur.

Əvvəlki müzakirələrdə qeybətdə olan İmam Zamanın (ə.f) varlığının faydaları barədə danışılmış, onun mövcudluğunun aləmin davamı və bütün məxluqatın həyatının davam etməsi ilə bağlı olduğu izah edilmişdir. Bu mərhələdə isə qeybətdə olan o böyük şəxsiyyətin sonsuz məhəbbətinin müxtəlif təzahürləri barədə söhbət açılır ki, bu təzahürlər müxtəlif formalarda özünü göstərmişdir və bununla da hər kəsə aydın olur ki, hidayət və yaxşılığın imamı, qeybətdə və gizlilikdə olmasına baxmayaraq, onun mərhəmət nuru hər yeri əhatə etmişdir və hər kəsi öz tutumu və imkanına uyğun şəkildə əhatə edir və onun lütf və mərhəməti axan və davamlı bir bulaq kimi fasiləsiz şəkildə davam edir.

Möminin ən mühüm və ən üstün xüsusiyyətlərindən biri, mömin qardaşlarla həmrəylik və həmdərdlikdir. Möminlər İslam cəmiyyətində vahid bir bədən kimidirlər ki, onlardan hər hansı birinin ağrısı digərini də narahat edir, onların rahatlığı və sevinci isə digər möminlər üçün də sevinc və şadlıq yaradır, çünki onlar Qurani-Kərimin buyurduğu kimi qardaşdırlar.

Rəvayətlərdə bir çox məsum imamlar (ə) öz şiələrinə qarşı olan həmrəy hisslərini, onların dərd və kədərinə şərik olduqlarını açıq şəkildə bəyan etmişlər ki, bu hiss möminlərin qəlbinə sakitlik və təsəlli verir və onlara həyatın çətinliklərində güc və səbir bəxş edir.

İmam Rza (ə) buyurur:

“مَا مِنْ أَحَدٍ مِنْ شِیعَتِنَا یمْرَضُ إِلَّا مَرِضْنَا لِمَرَضِهِ وَ لَا اغْتَمَّ إِلَّا اغْتَمَمْنَا لِغَمِّهِ وَ لَا یفْرَحُ إِلَّا فَرِحْنَا لِفَرَحِه‏.” (Biharül-ənvar, c. 65, s. 167)

Yəni: Bizim hər bir şiəmiz xəstələndikdə biz də onun xəstəliyindən təsirlənib narahat oluruq. Kədərləndikdə biz də onun kədərini paylaşırıq; və sevindikdə biz də onun sevincinə şərik oluruq.

Deməli, İmam öz ardıcıllarına olan güclü rəhmət və məhəbbət səbəbilə onlarla ən güclü bağlılığa malikdir və məhz bu sevgi və dostluq səbəbindən onların dərd və çətinliklərində şərik olur. Bu hal, övladına olan dərin sevgi və bağlılıq səbəbindən onun xəstəliyi zamanı özü də narahat olan ananın halına bənzəyir. Necə ki, övladının sağalması və sevinci ilə o da sevinc və şadlıq tapır, çünki övlad onun üçün canı qədər əziz və sevimlidir.

İmam Sadiq (ə) buyurur:

“وَ اللَّهِ إِنِّی أَرْحَمُ بِکُمْ مِنْ أَنْفُسِکُم‏.” (Bəsairül-dərəcat, s. 265)

Yəni: Allaha and olsun ki, mən sizə özünüzdən daha mərhəmətliyəm.

Nəticə etibarilə, İmam Zamanın (ə.f) məhəbbətinin mahiyyəti digər məhəbbətlərdən fərqlidir; bu, saf, ilahi, minnətsiz və sonsuz bir məhəbbətdir və bu məhəbbət təkcə dildə deyil, eləcədə qəlbin dərinliyində yerləşmişdir və məhz buna görə də o, bütün varlığı ilə öz şiələri ilə bağlıdır.

Bu ilahi məhəbbətin ən aydın nümunələrindən biri İmam Zamanın (ə.f) öz kəlamında belə ifadə olunmuşdur:

“إِنَّهُ أُنْهِی إِلَی ارْتِیابُ جَمَاعَه مِنْکُمْ فِی الدِّینِ وَ مَا دَخَلَهُمْ مِنَ الشَّکِّ وَ الْحَیرَه فِی وُلَاه أَمْرِهِمْ فَغَمَّنَا ذَلِکَ لَکُمْ لَا لَنَا وَ سَأَوْنَا فِیکُمْ لَا فِینَا لِأَنَّ اللَّهَ مَعَنَا فَلَا فَاقَه بِنَا إِلَی غَیرِه‏.” (Biharül-ənvar, c. 53, s. 178)

Yəni: Mənə xəbər çatdı ki, sizin bir qrupunuz din barədə tərəddüdə düşmüş, öz rəhbərləri barədə şəkk və heyrətə qapılmışdır. Bu hal bizi narahat edib, lakin bu narahatlıq bizim üçün deyil, sizin üçündür və biz sizə görə kədərləndik, özümüz üçün deyil, çünki Allah bizimlədir və biz Ona ehtiyaclı deyilik.

Bu mövzuların ardı var ...

Mənbə: "Negine Afərineş" kitabı müəyyən dəyişikliklərlə..

Etiketlər

Rəyiniz

You are replying to: .
captcha